Bu gündən Azərbaycan Hava Yolları Bakı-Naxçıvan-Bakı istiqamətində daxili reyslərin yerinə yetirilməsinə başlayıb. Bakıdan uçuş saat 12 və 15-də, Naxçıvandan isə saat 14:10 və 17:00-da həyata keçirilir.
Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin satışına iyunun 11-dən başlanılıb. Reyslərə yalnız Tibbi Ərazi Bömələrini İdarəetmə Birliyi tərəfindən akkreditə olunan xüsusi laboratoriyalarda koronavirus üçün müayinədən keçərək neqativ nəticə əldə edən sərnişinlər buraxılır.
Reysin uçuşundan ən gec 48, ən tez isə 72 saat əvvəl COVID-19 üçün müayinədən keçmək lazımdır. Aviabiletin dəyərinə 23 kq çəkidə baqaj daxildir. Kişi portfeli və ya qadın çantası istisna olmaqla, əl yükünün daşınması qadağandır. Aviaşirkətin və hava limanının əməkdaşları uçuşun maksimum dərəcədə təhlükəsiz və rahat keçməsi üçün bütün səylərini səfərbər edir və sərnişinləri yalnız zəruri ehtiyac yarandığı təqdirdə aviasəyahətə çağırırlar. Müşahidələr onu deməyə əsas verir ki, pandemiya səbəbindən artıq bir neçə aydır Naxçıvana qayıda bilməyən vətəndaşlar yeni qaydalarla səyahət etməyə razıdırlar.
Həmçinin, Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinə bilet əldə edən, lakin karantin şəraitində uçuşların dayandırılması ilə əlaqədar həmin aviabiletdən istifadə edə bilməyən sərnişinlərin diqqətinə çatdırılır ki, ləğv edilmiş reyslərə biletləri 7 iyul tarixindən yerinə yetiriləcək reyslər üçün yeni tarixlərə ödənişsiz dəyişmək mümkündür. Uçuşdan imtina edildiyi halda isə aviabiletin dəyəri həmin sərnişinlərə tam həcmdə geri qaytarılacaq.
AZAL sərnişinlərə diqqətli olmağı və Nazirlər Kabineti yanında Operativ Qərargahın, həmçinin Dünya Səhiyyə Təşkilatının COVID-19-la mübarizə üzrə bütün tələblərinə məsuliyyətlə yanaşmağı tövsiyə edir.
Vəfa Ağabalayeva